Ötən gün Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Prezident İlham Əliyevin qonaq qismində iştirakı xüsusi önəm daşıyırdı:
İlk dəfə idi ki, Prezident Əliyev bu tədbirə qonaq kimi qatılırdı;
İlham Əliyevin bu tədbirə dəvəti qəbul etməsi qarşı tərəfdə böyük təsir doğurmuşdu;
İclasdan öncə təşkil edilən səhər yeməyi ətrafında görüşə İlham Əliyevin gəlişi xüsusi qarşılanma ilə müşayiət olundu: Putinin “danışan dili” Lukaşenko İlham Əliyevi qucaqladı, Putin isə Əliyevlə yanaşı oturdu. Bu, İlham Əliyevə xüsusi münasibətin göstəricisi idi;
İlham Əliyev Aİİ iclas zalına öndə, Putinlə bərabər girdi – üzv ölkələrin liderləri daha geridə salona daxil oldular...
Diqqəti çəkən Rusiya liderinin konkretliyi idi: o, əvvəlcədən aparılmış görüşlər əsasında razılaşdırılmış məqamlar üzərində nəticə əldə etməyə çalışırdı.
Səbirsiz göründüyü diqqət çəkirdi: Putin heç bir geniş müzakirənin, debatların, azacıq da olsa, mübahisələrin olmasına qətiyyən hazır olmadığını nümayiş etdirdi. Amma konkret mesaj və ismarışlarını verdi:
Ermənistan baş nazirinə Aİİ-nin bu ölkə üçün nə qədər önəmli olduğunu xatırlatdı: Ermənistandakı builki artımın qədərini soruşmaqla, Paşinyanın dilindən rəqəmin (12 faiz artım) bir daha səslənməsini təmin etdi və bunun çox yüksək rəqəm olduğuna xüsusi vurğu etdi;
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdığını, qısa müddətdə bu qədər böyük artım olmasını Paşinyana və dünyaya xatırlatdı;
Aİİ-nin əsas benefisiarının Ermənistan olduğunu altını cızaraq dedi...
Bütün bunlar Ermənistanın təkcə hərbi deyil, iqtisadi baxımdan da Rusiyadan asılı olduğunu hər kəsə elan etmək idi.
Qeyd edək ki, Ermənistan Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində doğrudan da xüsusi rol oynayır və bundan milyardlar qazanır.
İclasın gedişində Azərbaycanla Ermənistan arasında sülh sazişinin müzakirə olunmayacağı ilk andan hiss olundu. Putin əsas hədəfinin kommunikasiyaların açılması olduğunu dərhal bildirdi və üçtərəfli görüşün əsas məqsədinin də bu olacağına işarə etdi.